Reklam verin!

Blog Haqqında

Şəbnəm
Düşüncələr, düşüncələr, düşüncələr. Razı və ya narazı fikirlər. Bir sözlə yaşım böyük olmasa da bu gənc çağımda həyata baxışım, həyatda gördüklərim, gördüklərimdən çıxartdığım nəticələr. Böyüklərdən, atalardan üzr istəyirəm, azacıq da məsləhətlərim.

Arada şer, hekayə də oxuyacaqsınız. Mən nə şairəm, nə yazıçı. Yəni peşəkar deyiləm. Sadəcə arada gələn ilhamı səhvli-düzlü yazıram, xatirələrə düzürəm.

Blogumu ziyarət edənərə bəri başdan minnətdarlığımı bildirirəm.

Axtarış

Peyk TV antennaların satışı və quraşdırılması

Başqa keçidlər

Sorğu

Bloguma xoş gəlmisiniz! Bir deyin görüm, bəs, hardan?






My BlogCatalog BlogRank

Müxtəlif

"Oyuncaqların üsyanı"

Şəbnəm
Yanvar 5, 2009 20:31

Əzdiyin torpaq da, divara çırpdığın daş da, qopardığın budaq da və yolduğun çiçək də üsyan edir. İndi üsyan fırtınası qoparmağa məcbur edilmiş bütün qəlblər üsyan edir. Sındırılmış, incidilmiş, ağladılmışlar bəzən dinməsələr də, üsyanları coşqundur. Qəlbi sındırmağa nə var?! İndi oyuncaqlar da üsyan edir.  

Əslində bir oyuncağam.

İstəsən,

Ağuşuna basarsan məni,

İstəsən uzaqlaşdırarsan.

Əzablı, qarışıq hisslər

Dönür əzablı sevgiyə.

Elə bilmə ki, oyuncaq

Laldı, dinməzdi,

Mütidi, bilməzdi...

Bəlkə elə görünür,

Fəqət köksümdə fırtınalar qopur. 

 

Oyuncaqlar da üsyan edir...

(“Oyuncaqların üsyanı”) 

 

 Salam əziz dostlar! Keçən dəfə sizlərlə Pərviz bəyin “Hər sabah yaşam” kitabı haqqındakı fikirlərimi bölüşmüşdüm. Bu dəfə yenə bir şer muncuqlarıyla düzülmüş bir bağı taxacağam bloqumun boynuna.

 

“Oyuncaqların üsyanı”. İlk olaraq onu deyim ki, kitabın adını sevdim və düşündüm ki, əgər ad belədirsə, deməli içindəkiləri mütləq oxumaq lazımdır. Müəllifi isə, bloqundan, virtual olaraq tanıdığım gözəl ürəkli Sima Ənnağıdır və bu kitab onun ilk kitabıdır. Deyə bilərsiniz ki, onu şəxsən tanımadığın halda, ürəyini necə olur ki belə qələmə verirsən?! Ruzigarım adlı bir istifadəçimiz var, o deyir ki, “mənə şeirlər yox insanlar maraqlı olduğu üçün əsəri oxuyarkən hər zaman onu yazan barədə düşünürəm”. Və mən də Ruzigarıma qoşuluram. Yəni şerləri, əsərləri oxuduqca, bəzən avtobioqrafik olmasa da, bəzən başqa insanların hissləri anlatılsa da, yenə də şairi başa düşmək olur. Bilmirəm, bu nə qədər doğru və ya aldadıcı olur amma, hər halda insanda yazar haqqında hansısa təəssüratlar yaranır. Və məndə də belə bir təəssürat: gözəl ürəkli Sima Ənnağı. Amma onu da deyim ki, Ruzigarımdan fərqli olaraq mənə şerlərin maraqlılığı da ön plandadır. 

 

“Hər sabah yaşam” haqqında olan yazımda şerləri bir neçə növə ayırmış və onların 2-ni qeyd etmişdim. Sima Ənnağının şerləri üstündə çox baş sındırmağa ehtiyac olmasa da, o şerləri də bəyəndim. Şerləri oxuyaraq o qəhrəmanların hisslərini başa düşdüm...bu isə çox önəmlidir. Əgər şair o hissi çatdıra bildisə, başqa sözə nə hacət?! Amma hələ ki, sözüm bitməyib..))) 

 

Deyərdim ki, ədəbiyyatımızda hal-hazırda sərbəst şer küləyi cərəyan edir. Çoxları bunu bacarıqsızlıq hesab edərək mənfi sayır, çoxları isə əksinə. Oyuncaqların üsyanı da öz hisslərini rahatcasına sərgiyə düzmüş bir kitabdır. Axı Sima xanım özü də, sərbəst şerə mənfi yanaşanlardan deyil. Bizimki ədəbi e-jurnalda olan müsahibəsində belə deyir: “İndi sərbəst şerə diqqət daha da artıb. Mən bunu həyatın dinamikliyi, yaşam sürətinin artması, sərbəst fikir yürütmək eşqi ilə izah edirəm. Qafiyə, sətir ölçüsü və ritm naminə mənanı qurban vermək istəməyənlər sərbəst şeirə üstünlük verir. Məncə, şeiriyyət meydanı hər yaradıcı insanın üzünə açıq olmalıdır, yazı üslubundan, eləcə də dədə-babasından, nəsli-nəcabətindən asılı olmayaraq hər istedada öz sözünü deməyə şans verilməlidir. Məhz istedad (bu anlam nə qədər subyektiv olsa da) ədəbiyyatın əsas meyarı olmalıdır, bu istedad sənətin qızıl qanunlarını darmadağın etsə də.”

Nə deyim, desəm ki, Sima xanımın bu sözləri ilə razılaşmıram, onda gərək adımı dəyişib yalançı qoyum. Əgər qanunlar dağıdılarsa təki istedaddan olsun. Əks halda bir şer sevər kimi, yəqin ki qarşı çıxanlar sırasında elə mən də olaram.   Şair düşüncəsi dərin olur. Bəzən buludlara uçurur, bəzən də sakitcə bulaq kənarında oturub da öz əksini izləməyə, amma izlədikcə bəzən əksini görüb bəzən isə görməməyə və xəyallara dalmağa vadar edir. Şair bəzən qışı sevir, bəzən qışa düşmən olur, eləcə də baharı...sadalamayım bir-bir, çünki düşüncə o qədər əhatəli olur ki, hansı tərəfindən fırlanıb, hansı ləçəyinə qonub, hansından danışasan, heç bilmirsən. Bu düşüncələr düzülmüş kitabda da sevgidən, vəfasızlıqdan, üsyandan...və s. şerlər qələmə alınıb. 

 

Bəzən elə gün olur ki, insan vəfalı saydıqlarının vəfasızlığını görəndə yenik düşür. Vəfasızlıq arsızca gülür adamın üzünə, sənə isə bircə qələm, bircə kağız qalır və sığdır görüm o vəfasızlığın avtobioqrafiyasını, xasiyyətini, rəngini bu kağıza.. 

Ürəyimdə gizlətdiyim sirrimi

Açdım coşqun küləyə,

Külək uçdu uzaqlara,

Sirrimi özüylə apardı.

 

Rahat nəfəs aldım,

Küləkdən etibarlı dost yoxdur düşündüm.

Səhər eşitdim ağacların pıçıltısını –

Yarpaqlar tənbəl-tənbəl tərpəşərək,

Sirrimi dedi-qodu edirlər. 

 

Ah, vəfasız külək...

Sən də mi üzüdönük çıxdın?

Nədən sirrimi gah edin ağaclara...

Nədən..

(“Alleqoriya”) 

Bəli, bəzən təbiəti, küləyi, ayı, tikanı, ağacı...və s. ən vəfalı sayırıq və o dağlara da qar yağır bir gün. “Ağacları sevirəm” şerində isə tam fərqli. 

Ağacları

İnsanlardan çox sevirəm,

Əllərimlə ağacınQırışmış gövdəsini qucub,

Yarpaqların sakit zümzüməsini

Dinləyirəm.

Onlar mənə laylay çalır,

Insanlardan eşitmədiyim

Təsəllini pıçıldayır:

“Həyatında hər şey yaxşı olacaq,

Müvəqqəti üzüntülərin izi də qalmayacaq,

Kədərli anlarında mənə sığınasan,

Içimdə qaynayan həyatı alarsan...

Həyat heç vaxt tükəmir...”

(“Ağacları sevirəm”)

Burda isə ağac insana təsəlli verir. Ağac vəfasız deyil, burdakı yarpaqlar  o yarpaqlardan tamam fərqlidir. Hər kəs belə olsaydı nə yaxşı... 

 

Nədir həyat?! Bəzən həyat bizim üçün acı, bəzən şirin, bəzən zalım, bəzən mülayim. Amma, hər nə olur-olsun həyat bizim üçün öz simasını, qəlbini sərgiləyir və biz də onu maraqla izləyirik. Bəyənsək də bəyənməsək də. Acı da, şirin də olsa doymuruq bu daddan. 

 

Özümü küləyə tabe olunmuş qum dənəciyi,

Hərdən də

Döyüş meydanında qalib olmuş

Mübariz sərkərdə sanıram.

Bütün bunlara rəğmən

Həyat möcüzədir mənimçün.

Nə qədər yaşasam da, gözüm doymur...

(“Həyatın qəribəliyi” şerindən) 

 

Və bu həmən maraq dolu həyat çox vaxt gül üzünü gizlədib bizləri acı tikanıyla sancsa da biz bir gün o tikanlarında məhv olacağına ümid bəsləyirik. Bu nə qədər mümkündür bilmirəm, amma, ümid belə yaşayır. 

Bilirəm, bu tikanlı dünyada zirehsiz yaşamaq olmur,

Saf ürəklər daşlaşır,

Gizlənir qabar altda

Fəqət hərdən nədənsə

Içimdəki müdrik ruh

Mənə təsəlli verir,

Öz yolunla get deyir.

Vaxt gələcək,

Tikanlar quruyub məhv olacaq,

Dünyada insanlara bil,

Insanlıq qalacaq.

(Adsız bir şerin son bəndi...) 

Ehh.. insanlar bu insanlığı anlasaydı... Bəlkə də bu tikanlar belə acı yaşatmazdı. Gülə yaraşdığı kimi yaraşardı həyata..

Ümiddən ayrı ola bilmədiyimiz bildirən və xoşladığım şerlərindən biri də “Gecə yazılmış şer” adlanır.

Eyvana çıxıram.

Qara zülmət ağuşuna basır məni,

Qulağıma pıçıldayır:

Nə axtarırsan gecənin bu vaxtı,

Niyə oyaqsan, Cırtdan kimi... 

 

Bir mən oyağam,

Bir də yumruyanaq Ay.

Baxıram Aya qəmli-qəmli,

Dərdləşmək istərəm,

Dilimiz fərqli. 

 

Səbri tükənmiş Ay

Süzə-süzə uzaqlaşır,

Gecəni özüylə çəkib aparır... 

Anlayıram: gündüz gecədən ayrılmazdır,

Insan ümiddən...

(“Gecə yazılmış şer”indən parça) 

 

Həə..ümidimiz də hər an yanımızdadır və yaşayır. Təki yaşasın beləcə, təki..

 

Bu kitabdakı şerlərin çoxunu bəyəndim, amma, bəyənmədiklərim də oldu və düşünürəm ki, Sima xanım bu etirafımdan inciməz. Çünki, o kitabının ön sözündə belə deyir: “...şerlərim birmənalı qarşılanmayıb, kimisi bəyənib, kimisi dodaq büzüb. Belə də olmalıdır. Bədii-estetik zövqlər fərqli olduğu üçün hamı eyni şeri bəyənməz, bəyənməməlidir də, yoxsa şairlər özündən müştəbeh olar, daha uca zirvələrə yönəlməzlər.”

Ehh...Sima xanım  kimi düşünənlər çox olsaydı... Yoxsa bəzilərinin şerinə və yazısına mənfi bir fikir bildirsən, pis qəbul edib, adama düşmən kəsilir, nə isə...

 

Sima xanıma yaradıcılığında, həyatında uğurla diləyirəm. Neçə belə, bundan da yaxşı, qalın, məna dolu şerlər düzülmüş kitablarınızın sevincini yaşayasınız.

Yazımı elə Sima Ənnağının sözü ilə bitirirəm:

 

Yaşasın ədəbiyyat!


Şərhlər(5)
43 oxunma
Həyata baxış

Piterdə yeni il ərəfəsi..

Şəbnəm
Dekabr 28, 2008 20:37

Yeni ilin mübarək olsun, Sankt-Peterburq! – deyə bir cümləylə və arzularıyla Ermitaj muzeyininin qarşısında keçirilən şənlikdə Şaxta baba şənliyə yekun vurdu.  

Davamı...

Şərhlər(10)
85 oxunma
Həyata baxış

Nə eşq!

Şəbnəm
Dekabr 23, 2008 18:05

Bu axı nə sevgi, nə eşqdir, ya rəbb?!

Alıb ağlı əldən, ürək də xəstə.

Zaman olan deyil nə əlac, nə həb,

Günlər də qaçmır ki, keçir ahəstə...


Şərhlər(12)
118 oxunma
Şerlər

Mənfəətimiz hələ çox can alacaq?

Şəbnəm
Dekabr 9, 2008 22:48

Heyvanlardan danışacam yenə də hevanlardan. Deyəsən mən onlardan xoş yazı yazmağı heç bacarmıram. Çünki bildiklərim elə ən başda özümü yandırır. Keçən dəfə dəriləri naminə zülmlə öldürülənlərdən yazmışdım. Bu dəfə də ... nə isə yazım siz də oxuyun. Bəlkə də çoxlarınız bütün bu şeylərdən agahsınız, amma, yenə də yazıram.

 

Keçənlərdə ANİMAL PLANET kanalında bir veriliş izlədim. Bilmirəm çoxlarınızda TV-də bu kanal var, ya yox,  amma, onu deyim ki heyvanlara həsr olunmuş çox yaxşı kanaldır. O kanalın yaradıcı heyətini, bütün əməyi keçənləri, ütün üzvlərini alqışlayıb, onlara təşəkkürlüyümü bildirirəm. Keçim mətləbimə... 

Davamı...

Şərhlər(20)
195 oxunma
Həyata baxış

Qurban bayramımız mübarək!

Şəbnəm
Dekabr 8, 2008 9:30

Salam əziz bloq ziyarətçilərim, dostlarım, tanışlarım! Şükürlər olsun ki, Qurban Bayramına da qədəm qoyduq. Hər birinizi təbrik edir, bayramınız mübarək olsun deyirəm!

 

 
 

Qurban bayramı müsəlmanların Allaha sevgisinin isbatı yolunda keçirilən gözəl bayramlardan biridir. O Uca Yaradan qurbanınızı, dualarınızı qəbul etsin. Allahdan günahlarımızın bağışlanmasını, bizi səhv əməllərdən çəkindirməsini, hər kəsə can sağlığı, xəstələrə şəfa, ölənlərə rəhmət, əsgərlərə sağ-salamat evlərinə-eşiklərinə dönmələrini, əsirlərimizə, torpaqlarımıza tezliklə azadlıq, ailələrə mehribançılıq,  sevgi, süfrələrə bərəkət, ürəklərə təmizlik və son mənzilimizin Cənnət olmasını diləyirəm. Yaradana şükür olsun!

 

Həcc ziyarəti etmişləri də təbrik edirəm. Ziyarətiniz də qəbul olunsun.

 

İd əl Ədxə, Qurban Bayramımız Mübarək!


Şərhlər(19)
192 oxunma
Həyata baxış

Hər sabah yaşam

Şəbnəm
Dekabr 2, 2008 23:39

 

Görəsən şeri layiqincə necə adlandırsam yerində olar? Yəqin ki bunun üçün çoxları çox tərif deyəcək. Mən hələ ki şeri coşub-daşan sel və eyni zamanda da sakit axan çay da adlandıra bilərəm. Pərviz bəyin bir şerini sitat gətirmək istəyirəm: 

Şeri oxuduqca
üzün gülər,
dodağın qaçar
Yörəndəkilərə də oxuyub
ovqat açarsan.
Uçarsan.
Bilməzsən ama
bu şeri yazanda
şairin üzündən zəhər yağırmış,
it kimi qapırmış
Yan-yörəni.
Əldən nə gəlir,
neynəmək olar?
Belədir şerin yazılma törəni.
 
(“Törən”)

İndi yəqin anladınız ki, həmən o sellə çayı niyə bir yerdə bərabərləşdirdim.

Davamı...

Şərhlər(32)
335 oxunma
Həyata baxış


  Yazılar cəmi: 61    Sonrakı səhifə »


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com