Reklam verin!
Kitab - Xatirə Fərəcli   "Sənin səadətin mənəm" şeirlər kitabını indi elektron kitab kimi PDF formatında yükləyə bilərsiniz

E-kitab Yüklə (PDF, 233 KB)


Açar sözlər: elektron-kitab sevgi şeir şeirlər-kitabı kitab 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 28, 2008 22:43 | Bölməsiz | Şərhlər(19) | Baxış sayı: 295

Bir xanımın zərif sirləri

     Ömür-gün savaşında hamımız bir qədər dəyişmişik. Dünyadırmı, dövrandırmı, həyatdırmı bizi belə dəyişən?
     Bir az içərisində olduğumuz cəmiyyət dəyişib, bir az da özümüz...
     Bu dəyişən aləmdə zərif olduğu qədər də möhkəm və dəyişməz qalan bir qadının təbiəti nə qədər zərif sirlərlə dolu imiş...
Davamı...

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 4, 2008 21:53 | Bölməsiz | Şərhlər(7) | Baxış sayı: 250

Sən niyə baxırsan yollara, niyə
Kimi gözləyirsən, gözüm, bu nədi?
Ürəyim, köksümü dağıtma, toxta
Yoxsa tükənibdi dözüm, bu nədi?

Nədi bu intizar, bu qüssə, ələm?
Könlümü uçurur boğulan naləm
Çökübdü çöhrəmə qəlbimdəki qəm
Solub yanaqlarım, üzüm, bu nədi?

Köçüm uzaqlarda … ömür də yarı,
Yağır, çalın-çarpaz taleyin qarı.
Yeriyir üstümə qəm karvanları,
Bəs hanı təpərin, dizim, bu nədi?

Açar sözlər: lirika 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:41 | Bölməsiz | Şərhlər(6) | Baxış sayı: 171

Bu darıxmaq, aman tanrım,
Buraxmır yaxamı nədən?
Darıxıram, darıxıram
Dar gəlir ruhuma bədən.

Qara qarışqalar kimi
Yol gedirik yön fələyin
Yolumuz bir mənzilədir
Kimi asta, kimi yeyin.

İçimizdən alışırıq
Kül olub sönənə qədər
Heçdən gələn darıxacaq
Heçliyə dönənə qədər.

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:37 | Bölməsiz | Şərhlər(2) | Baxış sayı: 136

Bir ömrün səadət payına həsrət
Yarımı itirmiş yarıyam indi.
İnanma kimisə xoşbəxt eləyəm,
Kiminsə bəxtinə yarıyam indi.

Bir küskün ovqatam, kədərli çağam,
Səhra dolaşıram gülzarım vağam.
Hərdən tanrıma da asiyəm, ağam,
Sancmağa yer gəzən arıyam indi.

İçimdə payızdı, çölümdə yazdı,
Deyirlər bəxtəvər işvədi, nazdı.
Bir üzüm gəlindi, bir üzüm qızdı,
Fikrimdə yüz yaşlı qarıyam indi.

Dərdimə girovdur məhəbbət, həvəs,
Bu bəxtlə dünyaya gəlişim əbəs.
Ay məni özünə yar istəyən kəs,
Mən dərdin, kədərin yarıyam indi.

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:37 | Bölməsiz | Şərhlər(2) | Baxış sayı: 133

Bu qatar da ötüb getdi
Ünüm yetmədi, yetmədi.
Gedib, gedib gözdən itdi
Güman itmədi, itmədi.

Bir dəli inada qulam,
Könlümdə dağıntı, savaş.
Nagüman qatar gözləyib,
Nə çəkirəm biləydin kaş.

Söykənib tənha söyüdə
Budaqdan bar gözləyirəm.
Qatarlanıb illər gedir
Mənsə qatar gözləyirəm.

Açar sözlər: həyat ümid 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:36 | Bölməsiz | Şərhlər(3) | Baxış sayı: 130

Bəyaz arzularla gəlib
Dünyanı evim bilmişəm.
Ovcumda ürək qanayıb
Sən demə gora gəlmişəm.

Çağır məni uca tanrım
Yeri, göyü gen bəxtiyar
Çağır gəlim dərgahına
Gəlim görüm orda nə var.

Açar sözlər: arzular bəyaz-arzu 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:35 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 109

Gördüm bir kimsədən mənə haray yox
Özüm öz dadıma çatdım, ovundum,
Dərdimi-sərimi qoyub bir yana
Başımı başlara qatdım, ovundum.

Gah gizli, gah aşkar çəkdim acını,
Ram etdim ruhumun ehtiyacını,
Axıb yanağıma düşən damcını
Silib titrək əllə atdım, ovundum.

Əyilməz başlara bəlaymış inad
Məni də qəlibə saldı bu həyat
Laylaya, öyüdə yatmazdım bir vaxt
Qədər sığalına yatdım, ovundum.

Gör nə arzuladım, nəyə qovuşdum
Yovuşmaz günlərə naçar yovuşdum
Bir dəli şimşəkdim keçdim sovuşdum
Eləcə içimdə batdım ovundum.

Açar sözlər: ْxatirə fərəcli lirik şeir romantik 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:34 | Bölməsiz | Şərhlər(3) | Baxış sayı: 141

Gözümdən oxundu qəlbimin qəmi
Bəxtəvər görünmək üzümə qaldı.
Qismət deyə-deyə, bəxt deyə-deyə
Gəzib dolanmağım özümə qaldı.

Sığındım payıza, qışa gözlədim,
Baxmadım ömürə, yaşa gözlədim
Gözlədim hədərə, boşa gözlədim
Yollara dikilmək gözümə qaldı.

Həsrətin özüymüş sapsarı dünya,
Qıymadı könlümə baharı dünya,
Gülmədi üzümə bu qarı dünya
Mənimki yenə də dözümə qaldı.

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:32 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 105

Şirindi bu həyat, çiçəkdi, baldı,
Qüssə, kədər arısıdır ömrümün.
Qəlbimdən keçənlər qəlbimdə qaldı
Kəm qismətim ağrısıdır ömrümün.

Bu əməl dünyada itdim əməlli,
Pünhan saydıqlarım gözümdən bəlli,
Dərya dərdə nəyi bilim təsəlli?
Ümid, güman çarəsidir ömrümün.

Taleyimdən daşlar kimi ötüşdü,
Yanağımdan yaşlar kimi ötüşdü,
İllər hanı? Quşlar kimi ötüşdü
Yaşamadım yarısıdır ömrümün.

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:31 | Bölməsiz | Şərhlər(1) | Baxış sayı: 111

Qabaqki yazılar

  Yazılar cəmi: 33    Sonrakı səhifə »